Azərbaycanın İT şirkəti məhsullarını Afrika bazarlarına çıxarır


Azərbaycanın innovativ və aparıcı texnologiya şirkəti olan Neuron Technologies hazırda Mərkəzi Asiya və Afrikanın bir sıra ölkələrində beynəlxalq tenderlərdə iştirak edir. Qeyd edək ki, bu cür beynəlxalq tenderlərdə iştirakın özü də mürəkkəb proses hesab olunur. Çünki informasiya texnologiyaları üzrə Avropanın və Amerikanın qabaqcıl və təcrübəli şirkətləri ilə tenderlərdə rəqabət aparmaq üçün müvafiq beynəlxalq standartlara cavab verilməlidir. Sevindirici haldır ki, Neuron Technologies şirkətinin timsalında artıq bu cür standartlara cavab verən Azərbaycan şirkətləri yetişmişdir.

Neuron Technologies şirkəti hal-hazırda Tanzaniyanın Gəlirlər İdarəsinin tabeçiliyində olan Vergilərin idarə edilməsi İnstitutu üçün “İnteqrasiya edilmiş Tələbə məlumatlarının idarə edilməsi sisteminin işlənib hazırlanması və tətbiqi, habelə həmin sistem üçün avadanlıqların təchizi” üzrə beynəlxalq tenderdə iştirak edir. Tenderin tələblərinə görə, Tanzaniya Gəlirlər İdarəsinin tabeçiliyində olan Vergilərin idarə edilməsi İnstitutu üçün tələbə məlumatlarının idarə edilməsi sistemi işlənib hazırlanmalı, proqram təminatı və avadanlıq-aparat sistemi təchiz edilməli, təlimlər keçirilməli, konsultasiya və davamlı dəstək xidmətləri göstərilməlidir. Layihənin icra müddəti 1 ildir.

Qeyd edək ki, Azərbaycan şirkəti sözügedən tenderdə dünyanın müxtəlif ölkələrindən, o cümlədən Böyük Britaniya, Tanzaniya, Hindistan, Birləşmiş Ərəb Əmirliyindən ümumilikdə 9 şirkətlə rəqabət aparır. Hazırda təqdim olunan təkliflər qiymətləndirmə mərhələsindədir. Tenderin nəticələri 2 ay müddətində məlum olacaqdır.

Neuron Technologies şirkəti bu rəqabətli prosesdə artıq ölkəmizin ali təhsil müəssisələrində geniş tətbiqinə başladığı “Unibook” tədrisin informasiya idarəetmə sisteminə əsaslanan “İnteqrasiya edilmiş Tələbə məlumatlarının idarə edilməsi” həlli ilə iştirak edir. Azərbaycanda tətbiq edilməkdə olan bu sistem təhsil üzrə beynəlxalq ekspertlərin müsbət rəyini almışdır.

Neuron Technologies Azərbaycanda sürətlə inkişaf edən informasiya texnologiyaları şirkətlərindən biridir. Şirkət proqram təminatının işlənib hazırlanması, sistem inteqrasiyalarının tətbiqi, informasiya-kommunikasiya texnologiyaları infrastrukturunun qurulması üzrə ixtisaslaşıb. "Neuron Technologies" son illər ölkəmizdə təhsil, kənd təsərrüfatı, səhiyyə və digər sahələrdə elektron idarəetmə sistemlərinin, milli proqram təminatı həllərinin tətbiqi üzrə uğurlu layihələr həyata keçirib. Şirkətin hazırladığı proqram təminatı məhsullarına bir sıra xarici ölkələr maraq göstərir. Hazırda "Neuron Technologies"in hazırladığı intellektual məhsulların xarici ölkələrə ixracı istiqamətində işlər davam etdirilir.

Qısa məlumat


2016-02-25


Afrika bazarı,texnologiya, milli proqram təminatı, xarici ölkələr


Azərbaycanın innovativ və aparıcı texnologiya şirkəti olan Neuron Technologies hazırda Mərkəzi Asiya və Afrikanın bir sıra ölkələrində beynəlxalq tenderlərdə iştirak edir. Qeyd edək ki, bu cür beynəlxalq tenderlərdə iştirakın özü də mürəkkəb proses hesab olunur. Çünki informasiya texnologiyaları üzrə Avropanın və Amerikanın qabaqcıl və təcrübəli şirkətləri ilə tenderlərdə rəqabət aparmaq üçün müvafiq beynəlxalq standartlara cavab verilməlidir. Sevindirici haldır ki, Neuron Technologies şirkətinin timsalında artıq bu cür standartlara cavab verən Azərbaycan şirkətləri yetişmişdir.

© Copyright 2017 Neuron technologies. All rights reserved.