Azərbaycanın İT şirkəti məhsullarını Afrika bazarına çıxarır


Azərbaycanda milli valyutanın kəskin devalvasiyaya uğraması ölkə iqtisadiyyatının qeyri-neft sektorunun inkişaf etdirilməsinin müstəsna çıxış yolu olduğunu bir daha sübut etdi. Azərbaycanın ixracının 90%-dən çoxu neft və neft məhsullarıdır və ölkəmizə daxil olan xarici valyuta hazırda əsas etibarilə neft satışından əldə olunur.

Belə bir dönəmdə Azərbaycanın innovativ və aparıcı texnologiya şirkəti olan Neuron Technologies beynəlxalq bazarlara çıxış üzrə strateji qərar verərək, informasiya texnologiyaları sahəsində həllərinin müxtəlif ölkələrdə fəal təşviqinə başlamışdır. Şirkət hal-hazırda Mərkəzi Asiya və Afrikanın bir sıra ölkələrində beynəlxalq tenderlərdə iştirak edir. Qeyd edək ki, bu cür beynəlxalq tenderlərdə iştirakın özü də mürəkkəb proses hesab olunur. Çünki informasiya texnologiyaları üzrə Avropanın və Amerikanın qabaqcıl və təcrübəli şirkətləri ilə tenderlərdə rəqabət aparmaq üçün müvafiq beynəlxalq standarlara cavab verilməlidir. Sevindirici haldır ki, Neuron Technologies şirkətinin timsalında artıq bu cür standartlara cavab verən Azərbaycan şirkətləri yetişmişdir.

Neuron Technologies şirkəti hal-hazırda Tanzaniyada dövlət təhsil sistemi üçün “Tələbə məlumatlarının idarə edilməsi sisteminin tətbiqi” üzrə beynəlxalq tenderdə iştirak edir. Tenderin tələblərinə görə, Tanzaniyanın Dövlət Təhsil Təsisatı üçün tələbə məlumatlarının idarə edilməsi sistemi işlənib hazırlanmalı, proqram təminatı və avadanlıq-aparat sistemi təchiz edilməli, təlimlər keçirilməli, konsultasiya və davamlı dəstək xidmətləri göstərilməlidir.

Qeyd edək ki, Azərbaycan şirkəti sözügedən tenderdə dünyanın müxtəlif ölkələrindən olan İT şirkətlərlə rəqabət aparır. Hazırda təqdim olunan təkliflər qiymətləndirmə mərhələsindədir. Tenderin nəticələri 1 ay müddətində məlum olacaqdır.

Neuron Technologies şirkəti bu rəqabətli prosesdə artıq ölkəmizin ali təhsil müəssisələrində geniş tətbiqinə başladığı “Unibook” tədrisin informasiya idarəetmə sisteminə əsaslanan “Tələbə məlumatlarının idarə edilməsi” həlli ilə iştirak edir. Azərbaycanda tətbiq edilməkdə olan bu sistem təhsil üzrə beynəlxalq ekspertlərin müsbət rəyini almışdır.

Neuron Technologies Azərbaycanda sürətlə inkişaf edən informasiya texnologiyaları şirkətlərindən biridir. Şirkət proqram təminatının işlənib hazırlanması, sistem inteqrasiyalarının tətbiqi, informasiya kommunikasiya texnologiyaları infrastrukturunun qurulması üzrə ixtisaslaşıb. Neuron Technologies son illər ölkəmizdə təhsil, kənd təsərrüfatı, səhiyyə və digər sahələrdə elektron idarəetmə sistemlərinin, milli proqram təminatı həllərinin tətbiqi üzrə uğurlu layihələr həyata keçirib. Şirkətin hazırladığı proqram təminatı məhsullarına bir sıra xarici ölkələr maraq göstərir. Hazırda Neuron Technologies şirkətinin hazırladığı intellektual məhsulların xarici ölkələrə ixracı istiqamətində işlər davam etdirilir.

Qısa məlumat


2016-01-08


Neuron Technologies, Afrika bazarı, unibook, proqram təminatı


Azərbaycanda milli valyutanın kəskin devalvasiyaya uğraması ölkə iqtisadiyyatının qeyri-neft sektorunun inkişaf etdirilməsinin müstəsna çıxış yolu olduğunu bir daha sübut etdi. Azərbaycanın ixracının 90%-dən çoxu neft və neft məhsullarıdır və ölkəmizə daxil olan xarici valyuta hazırda əsas etibarilə neft satışından əldə olunur. Belə bir dönəmdə Azərbaycanın innovativ və aparıcı texnologiya şirkəti olan Neuron Technologies beynəlxalq bazarlara çıxış üzrə strateji qərar verərək, informasiya texnologiyaları sahəsində həllərinin müxtəlif ölkələrdə fəal təşviqinə başlamışdır. Şirkət hal-hazırda Mərkəzi Asiya və Afrikanın bir sıra ölkələrində beynəlxalq tenderlərdə iştirak edir.

© Copyright 2017 Neuron technologies. All rights reserved.