Neuron Technologies şirkəti Bakutel sərgisində yeni texnologiyaların uğurla təqdim etdi


Yüksək Texnologiyalar Parkında fəaliyyət göstərən Neuron Technologies-in rəhbəri İsmayıl Ələkbərov şirkətinin strategiyasını açıqlayaraq bildirir ki, şirkətinin əsas məqsədi Azərbaycanın İT sahəsində potensialının qlobal müstəviyə çıxarılması və dünyanın mütərəqqi texnologiyalarının ölkəmizə transferinə nail olunmasından ibarətdir. O, həmçinin ölkəmizdə hazırlanan innovativ həllərin region ölkələrinə transformasiyası vasitəsilə şirkətin dünya səviyyəli İT şirkətinə və Azərbaycanın dünyaya yeni texnologiyalara əsaslanan intellekt ixracatçısına çevrilməsinə öz töhfəsini verəcəyinə inandığını qeyd edir.

Bakutel sərgi-konfransında şirkətin işləyib-hazırladığı ali təhsil müəssisələrində tədris prosesinin elektron idarəetmə sistemi nümayiş etdirilib. Neuron Technologies artıq bu sistemin ölkəmizin universitetlərində uğurlu tətbiqinə başlayıb. Sevindirici haldır ki, şirkətin Azərbaycanlı mütəxəssisləri tərəfindən işlənib-hazırlanan bu sistem Avropanın aparıcı universitetlərində tətbiq olunan sistemlərlə müqayisə edilərək, beynəlxalq ekspertlər tərəfindən yüksək qiymətləndirilib. Neuron Technologies şirkətindən bildirilir ki, elektron təhsil üzrə Azərbaycan şirkətinin bu innovativ sisteminin xarici ölkələrə ixracı nəzərdə tutulub və Mərkəzi Asiya, Şərqi Avropa və Yaxın Şərqin ərəb ölkələrində geniş tətbiqi üzrə fəaliyyət davam etdirməkdədir.

Bu sistem vasitəsilə tələbə və müəllim heyətinin qeydiyyatı, onların idarə olunması, tədris planlarının, fənlərin dərs cədvəllərinin yaradılması, tələbələrin qiymətləndirilməsi, imtahanların, tələbələr arasında sorğuların keçirilməsi, daxili yazışmaların və forumların, habelə kitabxana işinin və mühasibatlığın aparılması avtomatlaşdırılır və elektron qaydada təşkil olunur.

Neuron Technologies şirkətinin Avropanın tanınmış İtalyan şirkəti Exprivia və Türkiyənin ən böyük şirkətlərindən olan Erguvan ilə tərəfdaşlığı çərçivəsində xəstəxana informasiya idarəetmə sisteminin işlənib-hazırlanması və tətbiqi nəzərdə tutulub. Bu sistem müasir xəstəxana idarəetməsində mövcud idarəetmə modullarını əhatə edir. Şirkət tərəfindən təqdim edilən digər innovativ layihə bulud texnologiyasına əsaslanaraq, ölkəmizdə aptek müəssisələrinin elektron idarə edilməsini nəzərdə tutur. Bu yeni sistemin tərkib hissəsi olaraq, ölkə əhalisi öz mobil telefonlarına yükləyəcəkləri aplikasiya vasitəsilə apteklər, dərman preparatlarının siyahısı ilə tanış ola biləcək, hətta onlayn sifariş verə biləcəklər.

Şirkətin ölkəmizdə uğurlu tətbiq etdiyi həllərdən biri satışın elektron idarə edilməsi sistemidir. Təqdim edilən bu sistemin özəlliyi qlobal məhsul istehsalçıları ilə onların yerli distribyutorları arasında sifarişlərin qeydiyyatı və idarə edilməsi, satış üzrə hesabatların hazırlanması, məhsulların satışı prosesinin izlənməsinin tam avtomatlaşdırılmasıdır.

Neuron Technologies insan resurslarının idarə edilməsi üzrə elektron sistemi təqdim edir. Bu həllin tətbiqi sayəsində insan resurslarının idarə edilməsi üzrə bisnez prosesləri avtomatlaşdırılır, kağız üzərində aparılan fəaliyyət elektron sistemlərlə əvəzlənir, idarəetmə asanlaşır və nəticə etibarilə müəssisələrin səmərəli fəaliyyətinə zəmin yaradılır.

Şirkət müasir dövrün tələbləri çərçivəsində dayanıqlı və genişlənən inkişafa nail olmaq üçün elmi tədqiqat və inkişaf sahəsinə böyük önəm verir. Bu istiqamətdə AR Milli Elmlər Akademiyasının İdarəetmə Sistemləri İnstitutu (Kibernetika İnstitutu) ilə yaxından əməkaşlıq edir. Neuron Technologies ilk Azərbaycan şirkətlərindən biridir ki, ölkəmizdə uzun illər ərzində aparılmış elmi tədqiqatların sənayeyə tətbiqi üzrə konkret fəaliyyət planı işləyib hazırlamışdır. Şirkətin bildirdiyinə görə, yaxın zamanda bu tədqiqatların biznesə transformasiyası mümkün olacaq.

Qısa məlumat


2015-03-17



Ölkəmizdə sürətli inkişaf edən İT şirkətlərindən olan Neuron Technologies şirkətinin 2014-cü ilin 2-5 dekabr tarixində Bakı Ekspo Mərkəzində təşkil olunmuş Bakutel beynəlxalq sərgi-konfransında təqdim etdiyi yeni texnologiyalar sərgi ziyarətçilərinin böyük marağına səbəb olub. Şirkət İKT-nin inkişafına verdiyi töhfələrə görə Business Times jurnalının təsis etdiyi Azeri Business Award mükafatı çərçivəsində ilin İT şirkəti mükafatına layiq görülüb. Tədbir çərçivəsində Neuron Technologies İngiltərə, Fransa, İtaliya, Xorvatiya, İsrail, Macarıstan, Türkiyə və digər ölkələrin tanınmış İT şirkətləri ilə ikitərəfli görüşlər keçirib və bir sıra beynəlxalq şirkətlərlə tərəfdaşlıq sazişləri imzalanıb.

© Copyright 2017 Neuron technologies. All rights reserved.